« Назад Minsk səhnəsinin sevimli Gülçöhrəsi Belarus mətbuatı bəzən onu bütün zamanların ən gözəl qadınlarından sayılan Hollivud ulduzu Merilin Monro ilə müqayisə edir. Olsun ki, bu bənzətmə Marqaritanın simasına hakim olan açıq və xoş təbəssümünə, bir də təbii sarışınlığına görədir. Hərçənd aktrisa, vokalçı qadın üçün istedad, zəhmətsevərlik, səhnədə danışıb-oxuyaraq rəqs etmək, mikrofonsuz eşidiləcək qədər gur səs onun zahiri gözəlliyindən daha vacibdir. Bu sadalananlar onun yaraşığını tamamlayırsa, deməli, həmin xanımın çalışdığı kollektivin, onunla səhnəni paylaşan hər kəsin bəxti gətirib. Təəssüratı hələ unudulmamış Üzeyir Hacıbəyli adına XI Bakı Beynəlxalq Musiqi Festivalının bir qonağı da bütün keyfiyyətləri özündə birləşdirən xanım idi: Belarus Respublikasının Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, Belarus Dövlət Akademik Musiqili Teatrının solisti, soprano Marqarita Viktorovna Aleksandroviç. Qonağımız Azərbaycan Dövlət Akademik Musiqili Teatrının Üzeyir festivalına töhfəsi olan İmre Kalmanın “Silva” operettasında (27 sentyabr) iştirak etmək üçün Bakıya gəlmişdi. Biz də onunla tamaşadan bir gün əvvəl görüşüb söhbət etməyə fürsət tapmışdıq. Marqarita Aleksandroviç 1999-cu ildən, hələ Belarus Dövlət Musiqi Akademiyasının tələbəsi ikən teatrda çalışmağa başlayıb. Bununla belə, təhsilini davam etdirərək, incəsənət magistri elmi dərəcəsini alıb. İyirmi ildir ki, teatrda soprano səsli aparıcı qadın rollarının əsas ifaçılarından biridir. Budur, o, çox sevdiyi Silvanı bələd olmadığı səhnədə, ilk dəfə gördüyü tərəfdaşlarla, ən əsası, fərqli quruluşda oynamalıdır. Biz də onu orkestrlə ilk məşqinin fasiləsində yaxalamışıq. Dirijordan icazəmiz var. Silvanın səhnəyə növbəti çıxışına hələ qalır və biz rahatca söhbətimizi edirik. - Marqarita Viktorovna, Bakıya xoş gəlmisiniz! - Çox sağ olun! Öncədən bir xahişim var: sadəcə, Marqarita. - Olar. Gərək ki, Bakıda ilk dəfəsiniz… - Elədir. Səhər saat 4-də təyyarədən enəndə bir anlığa özümü itirdim. Hava limanında elə bildim ki, Avropanın hansısa kurort şəhərindəyəm. Yol boyu işıqları sayrışan şəhərə avtomobilin pəncərəsindən heyranlıqla baxdım. Təəssüf ki, hələ şəhəri gəzməmişəm. Gözümün acısını alandan sonra birbaşa teatra gəldim. Hələ ki, nə görmüşəmsə, hamısına heyranam. Ən başlıcası, bir neçə saatın içində qışdan yaza düşmüşəm. Minskdən paltoda, uzunboğaz çəkmədə çıxmışdım, Bakı isə məni əsl yay havası ilə qarşıladı… Elə bildim ki, cənnətdəyəm. Teatrın binasına gəlincə, valeh oldum. Gözəl memarlıq, səliqə-sahman… Əsl teatr binası belə olmalıdır. - Bəs bizim teatrdakı ab-havanı necə qiymətləndirərdiniz? - Əla! Çox qonaqpərvərsiniz. O qədər həyəcanlıyam ki!... Amma bütün kollektiv mənim nazımla oynayır… - Mən isə bayaq aktyorlardan eşitdim ki, sizdə zərrəcə şıltaqlıq hiss etməyiblər… - Şıltaq olmasam da, tanımadığım kollektivlə birlikdə çıxış etməyin həyəcanını yaşayıram. Bilirsiz, operadan fərqli olaraq, rejissor və dirijorlar operettaların həm söz, həm də musiqi mətninə sərbəst əl gəzdirə bilirlər. Operetta rejissor-dirijor və baletmeysterin üçlükdə ərsəyə gətirdiyi əsərdir. Bakıdakı tamaşada rəqs nömrələri tamam fərqlidir. Hətta bizim tamaşada Edvinin soyadı Villershaym, burada isə Volyapük kimi tələffüz olunur (iki cür tələffüz olunan soyad əsərin alman dilindən ruscaya tərcümələri zamanı ortaya çıxıb. Volyapük soyadını seçən tərcüməçi onu qəliz alman soyadlarına parodiya olaraq uydurub – G.M.). Elə mən də çəkinirəm ki, alışqanlıq üzündən Minskdə oynadığım tamaşadakı mətnlə Bakıdakı tamaşanın mətnində fərqi hiss edə bilmərəm. Sizinlə söhbət edirik, fikrim sabahkı tamaşanın yanındadır. Hərçənd ilk məşqdən anladım ki, tərəfdaşlarım məni düşə biləcəyim hər hansı çətin vəziyyətdən çıxaracaqlar. - Deməli, həyəcan sovuşur?... - Yox… İndi də mənə kömək edən bu qədər insanı pis vəziyyətdə qoymaqdan qorxuram. - Bakıda ilk dəfə çıxış etsəniz də, Azərbaycan musiqisi ilə tanışlığınız var. - Bir neçə ildir ki, bizim teatrda Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası oynanılır. Tamaşanın quruluşçu rejissoru Hafiz Quliyev (Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru – red.) və baletmeysteri Mədinə Əliyeva (Xalq artisti – red.) Bakıdan gəlmişdilər. Mənə Gülçöhrə rolu tapşırıldı. Sevə-sevə hazırladım. Hətta iki gün premyeramız oldu. Bir gün mən Fərid Əliyevlə Gülçöhrə-Əsgər olduq, bir gün də İnarə Babayeva (adı çəkilən soydaşlarımızın hər ikisi Əməkdar artist, bizim Opera və Balet Teatrının solistləridir – red.) ilə Yevgeni Yermakov. Etiraf edim ki, Fəridlə tərəf-müqabil olanda özümü əsl azərbaycanlı qız kimi hiss edirdim. Bu il bizim görkəmli operetta ulduzumuz Natalya Qaydanın 80 illik yubileyində Əməkdar artist, bu teatrın Silvası Nərgiz Kərimova Minskdə Azərbaycan ifaçılıq məktəbini və teatrını təmsil etdi. İndi də, Belarus teatrının nümayəndəsi kimi mən Bakıdayam. - Sizin teatrın saytını izləyəndə gördüm ki, cari repertuarın çox geniş olmasına baxmayaraq, “Arşın mal alan” ən azı ayda bir dəfə göstərilir. - Çünki tamaşaçı bu əsəri sevir! Dəfələrlə “Arşın mal alan”la Belarusun, Rusiyanın müxtəlif şəhərlərinə qastrola getmişik, həmişə də Üzeyir bəyin gözəl musiqisinə, dörd qat toyla bitən bu əsərə tamaşaçı marağının böyük olduğunu görmüşük. Tamaşada o qədər kolorit, musiqidə o qədər şirinlik var ki, “Arşın mal alan”ı harada səhnəyə qoysalar, baxılacaq. - Marqarita, müsahibələrinizin birində demisiniz ki, siz öz qəhrəmanlarınıza aşiqsiniz… Yəqin ki, Silvaya, Gülçöhrəyə olan məhəbbətiniz də fərqlidir. - Əlbəttə. Silva xaraktercə mənə tam ziddir. Gülçöhrənin rolunu məşq edəndə Şərq qadınının obrazı olan xeyli filmə baxmışdım. Hətta onların necə yeridiyinə, üzlərinin ifadəsinə, hisslərini necə ifadə etdiklərinə diqqət yetirirdim. Gülçöhrə üsyankar olsa da, onun üsyanında qəribə sakitlik, sözün yaxşı mənasında mütilik var. - Bizim dilimizdə bu xüsusiyyəti çatdıran xüsusi ifadə var: başıaşağı qız! - Baxın, elə mən də bunu demək istəyirdim! Bilirsiniz, Gülçöhrəni anam çox sevir. Həmişə deyir ki, əsl qız Gülçöhrə kimi olmalıdır. - Bəs necə, analar istəyirlər ki, qızları hər yaşda sözəbaxan olsunlar... - Həm də mən Gülçöhrəni oynayanda qara parik taxıram. Qara saç mənim anamla zahiri oxşarlığımı tamamlayır. Elə Silvanın səhnəyə ilk çıxışında qısa qara saçlı parik taxıram, anama da deyirəm ki, bax, bunu sənin qəlbin xoş olsun deyə edirəm. - Yəqin ki, Bakıda oynayacağınız Silva Minskdə səhnəyə çıxan Silvadan fərqlənəcək. - Yeni rejissorla, yeni kollektivlə, yeni dirijorla qısa müddət də olsa, birgə çalışmaq insanın ruhunu, sənətə münasibətini təzələyir. Elə bil ki, havasız otağın pəncərəsini açırsan, dəniz mehi otağın havasını dəyişir. - Bakıda artıq hansısa dəyişikliyi hiss etmək macalınız olub? - Ağzımın dadını dəyişdim. Bu gün naharda yarpaq dolması yedim. İnanın, indiyədək belə ləzzətli xörək yeməmişdim. Bu sözü sizə təkcə dadlı yeməkləri xoşlayan birisi kimi yox, həm də mətbəxlə dost olan qadın kimi də deyirəm. Teatrda bu cəhət də xoşuma gəldi ki, bufetdəki yeməklər burada hazırlanır, kənardan hazır gətirilmir. Günü teatrda keçən aktyorun naharda əsl ev xörəyi yeməyi vacibdir. - Dediniz ki, mətbəxlə dostsunuz… - Elə bilməyin ki, hər gün yemək hazırlayıram. Hər gün biş-düş etsəm, ona marağım, yaradıcı münasibətim itəcək. Çünki işim çoxdur. Teatr, Pedaqoji Universitetin Vokal kafedrasında dərslər, konsert proqramlarına hazırlıq... - İncəsənətə gəlişiniz birbaşa olmayıb. - Elədir. Əvvəlcə Memarlıq-İnşaat Texnikumunu bitirmişəm. - Gözəl qız yəqin ki, interyer dizaynı ilə maraqlanardı… - İxtisasın adı belə idi: “Binaların sanitar-texniki qurğularının montajı və istismarı”. Bilirsiniz, orta məktəbi sevmirdim deyə, mümkün qədər tez qurtarmaq istəyirdim. Orta ixtisas musiqi məktəbinə də 18 yaşından sənəd götürürdülər. Texnikumda həvəslə oxuyurdum. Paralel olaraq da konservatoriyaya hazırlaşırdım. Amma bir gün də olsun, ilk ixtisasım üzrə işləməmişəm. - Niyə? İş tapa bilmirdiniz? - İş tapırdım, amma məni işə qəbul etmirdilər. Hara gedirdimsə, mənə deyirdilər ki, güzgüyə baxmısan, tikintidə fəhlələri necə işə buyuracaqsan? Düzü, heç kefim pozulmurdu. Onsuz da özümü inşaatçı kimi yox, müğənni kimi təsəvvür edirdim. - Müğənni, yoxsa aktrisa? - Musiqili teatrın solisti Natalya Qayda ilə görüş bütün həyatımı dəyişdi. Onunla görüşlərin birində istedadına və işgüzarlığına heyran olduğum bu qadına yaxınlaşıb xahiş etdim ki, operettalardan hazırladığım ariyalara qulaq assın. Natalya Viktorovna məni dinlədi və məsləhət gördü ki, teatra gəlim. Hələ tələbə ikən bu teatrın səhnəsinə çıxdım və yəqin ki, öz kumirim kimi bütün ömrümü burada keçirəcəyəm. *** İnternetdə Marqarita Aleksandroviç haqqında bir neçə il əvvəl dərc olunmuş maraqlı yazı diqqətimi çəkmişdi. Müəllif aktrisanın səhnədə yaratdığı müxtəlif xalqların qadın qəhrəmanlarının xarakterini onun həmin xalqların mətbəxindən hazırladığı yeməklərin resepti ilə davam etdirir, milli mətbəx və milli xarakter arasındakı oxşarlıqları tapmağa cəhd edirdi. İşdir, sarışın və gülərüz aktrisanın Azərbaycan səfərindən sonra yenidən həmin mövzuya qayıdılsa, yəqin ki, Marqarita həmin siyahıya Gülçöhrəni və yarpaq dolmasını da əlavə edər. Gülcahan MİRMƏMMƏD |
тел.: (017) 275-81-26
220030, г. Минск, ул. Мясникова, 44
Свидетельство о государственной регистрации № 100744263 от 18 февраля 2009г., УНП 100744263
Исключительные права на материалы, размещенные на Интернет-сайте Белорусского государственного академического музыкального театра (www.musicaltheatre.by), в соответствии с законодательством об авторском праве и смежных правах Республики Беларусь, принадлежат Учреждению “Заслуженный коллектив Республики Беларусь “Белорусский государственный академический музыкальный театр” и не подлежат использованию в какой бы то ни было форме без письменного разрешения правообладателя. По вопросам использования материалов, размещенных на сайте, обращаться на e-mail: marketing@musicaltheatre.by